Qatırquyruğu bitkisi

QATIRQUYRUĞU BİTKİSİ

Botaniki təsnifatı. Qatırquyruğu  Qatırquyruğukimilər – Equisetaceae fəsiləsindəndir. Dünya  florasının tərkibində qatırquyruğu cinsinin 26, İ.A. Qubanov və başqalarına görə 30, P.M. Jukovskiyə görə 52 növü yayılmışdır. Qatırquyruğu cinsinin Qafqazda 10, o cümlədən də Azərbaycanda 6 növünə təsadüf olunur. Qatırquyruğu çox qədimdən istifadə olunan dərman bitkilərindən biri hesab edilir. Qatırquyruğu cinsinin ən qiymətli növlərindən biri çöl qatırquyruğu hesab olunur.

Çöl qatırquyruğu – Equisetum arvense. Bu çoxillik ali sporlu bitki olub, cinsi ve qeyri – cinsi yolla çoxalıb nəsil verir. Qeyri –cinsi sprofit çoxillik ot bitkisidir. Yerdə sürünən uzun, şaxəli, qara – qonur kökümsovu vardır. Kökümsovun düyünlərində incə kökcüklər və ehtiyat qida maddələrinin yumrucuqları yerləşir. Başqa növlərindən fərqli olaraq iki cür yerüstü gövdə əmələ gətirir: sporlu vegetativ.

Sporlu zoğlar çirəli, qırmızımtıl – qonur rəngdə və yarpaqsız olub, sporlu sünbüllü qurtarır. Yetişəndə onlardan ikievli ( arxeqoni və anteridi ) protal inkişaf  edir. Vegetativ zoğların içərisi boş, 50 – 60 sm hündürlüyündə çoxüzlü, 6 – 18 qabırğacıqlıdır. Dəstə şəklində yerləşmiş budaqları sporlu sünbül əmələ gətirir, bu bitkiyə xas olan əsas xüsusiyyətlərdən biridir. Yarpaqları  bəndlərdə  borucuq şəklində qına çevrilmiş, bunların da dişləri gövdənin üzərində 2 – 3 ədəd birləşmişdir, ucu itidir, üçkünc – lansetvarıdır.

Çöl qatırquyruğunun gövdəsi buğum – buğum, hündürlüyü 6 – 15 sm olan çoxillik ot bitkisidir. Uzun kökümsovu yerin altı ilə sürünür. Gövdəsi erkən yazda dirək şəklində inkişaf etməyə başlayır. Gövdənin yuxarı hissəsi sporlardan təşkil olunmuş sünbülşəkilli başlıqdan ibarətdir. Sporlar yetişdikdən sonra gövdə quruyub məhv olur. Sporlarından meyvəsiz budaqlanan, hündürlüyü 15 – 40 sm olan hissələrə bölünən yaşıl kütlə əmələ gəlir. Budaqlar çox nazik, dörddişli, nəmli, yumaqşəkilli olub, gövdənin üzərində düyün əmələ gətirərək yerləşmişdir. Bitkinin yaşıl hissəsindən ekvizetonin, saponin, flavonoid, karotin, askorbin turşusu, alma, oksalat, silisium turşuları, aşı, zülali maddə, yağlar, karbohidratlar və s. tapılmışdır.

Tətbiqi. Bitkinin dişicik hissəsindən sup, piroq, piroq içi, salatlar, omlet və s. hazırlanır. Ehtiyat məqsədləri üçün onu duza qoyurlar. Qatırquyruğunun kök yumrusu nişasta ilə zəngin və yeməlidir, qida məqsədləri üçün istifadə edilir. Spordaşıyan zoğları nişasta ilə zəngindir.

Xalq təbabətində çöl qatırquyruğundan sidikqovucu kimi, qan dövranının yaxşılaşdırılmasında, sidik kisəsi və sidik yolları soyuqdəymələrində, plevrit, babasil, mədə və uşaqlıq qanaxmalarında qankəsici vasitə kimi istifadə edilir. Bundan başqa bitkidən vərəm xəstəliyində, maddələr mübadiləsinin yaxşılaşdırılmasında, yaraların tez sağalmasında istifadə edilir.

Elmi təbabətdə dərman məqsədilə ancaq yay fəslində yetişən zoğlarından, yəni vegetativ gövdə və budaqlarından istifadə olunur. Toplanan xammal havası daim dəyişilən binalarda qurudulur.

                                                                                                                                                                     Müəllif: Hüseynzadə Nəsrin

You can leave a response, or trackback from your own site.

Şərh yaz